
Nağıl danış mənim üçün
Nağıl danış mənim üçün
Asim Bəy Kazımsoy
Qoy mən olum bir uşaq,
Nağıl danış mənimçün.
Yuxuda qucaqlaşaq
Nağıl danış mənimçün.
Yox olmasın, yox, qəti,
Ayrılıq müvəqqəti!
Neynirəm həqiqəti
Nağıl danış mənimçün.
Qəlbimin gülməsinə,
Səni eşq bilməsinə,
Yuxumun gəlməsinə
Nağıl danış mənimçün.
Gedib yaşın izindən,
Öpüm qara gözündən.
Dünyanın hər üzündən
Nağıl danış mənimçün.
Yuxum ərşə çəkilə,
Dan yeriysə sökülə,
Göydən ulduz tökülə
Nağıl danış mənimçün.
Danış ağrıdan, ahdan
Danış savab, günahdan.
Yenə başla sabahdan
Nağıl danış mənimçün.
Olum ev-eşiyində
Dayanım keşiyində.
Soyuqdan üşüyəndə
Nağıl danış mənimçün.
Nə gec olsun, nə ərkən
Tanrı gəl mənə dərkən,
Qolunda can verərkən
Nağıl danış mənimçün...